İran rejimi Tehrandakı sünni məscidini dağıdıb  

11:20 23.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran rejiminin bütün ölkə boyu sünnilərə qarşı zorakılıqları davam edir. Nəhayət, oktyabrın 16-da paytaxt Tehranın Punək bölgəsində yerləşən sünni Nebiyyur Rahme Məscidinin təhlükəsizlik qüvvələri tərəfindən dağıdılaraq istifadəyə yararsız hala salındığı bildirilir.

Hafta.az-ın yazdığına görə, məscidin namaz qılınan hissəsi ilə yanaşı, fəvvarə (dəstəmaz) hissəsi də uçurulub.

Sosial şəbəkələrdə sökülən məscidin görüntüləri paylaşılıb.

İranda sünnilərin aparıcı simalarından olan Bəluc İslam alimi Mövləvi Əbdülhəmid İsmayılzehi məscidin sökülməsinə reaksiya verib. Oktyabrın 20-də verdiyi cümə xütbəsində bu məsələyə toxunan İsmayılzehi İranın Tehrandakı məscidi sökməsinə qarşı çıxıb. İsmayılzehi Tehranda sünni məscidinin açılmasına icazə verilmədiyini, mövcud kiçik məscidlərin də söküldüyünü bildirib. İsmayılzehi İranın Fələstini dəstəklədiyi halda, ölkədə sünnilərə qarşı bu cür pozuntuların ziddiyyət təşkil etdiyinə diqqət çəkib.

İran administrasiyası sünnilərin paytaxt Tehranda məscid tikməsinə icazə vermir. Sünnilər namazlarını kiçik məscidlərdə və ya məscidə çevrilmiş kirayə mənzillərdə qılırlar. Bu ibadət yerləri tez-tez Tehran administrasiyasının repressiv siyasəti ilə üzləşir.

Siyasət rubrikasından digər xəbərlər